ADAU-nun rektoru Aqronomluq fakültəsinə qəbul olan tələbələrlə görüşüb

ADAU-nun rektoru Aqronomluq fakültəsinə qəbul olan tələbələrlə görüşübAzərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ADAU-nun Aqronomluq fakültəsinin bаkаlаvr pilləsinin 1-ci kurs tələbələri ilə görüşüb

Görüşdə prorektorlar, fakültə dekanı, kafedra müdirləri və fakültənin professor-müəllim heyəti iştirak edib.
Aqronomluq fakültəsinin qəbul göstəricilərini yüksək qiymətləndirən rektor bildirib ki, universitet onu seçən gənclərin ümidini, arzularını doğrultmalıdır və biz çalışacağıq sizi Azərbaycana, onun dövlətinə, xalqına layiqli vətəndaşlar kimi formalaşdıraq, aqrar sahənin kadr bazasını əldə etdiyiniz biliklə gücləndirək. “Sevindirici və qürurverici haldır ki, bir vaxtlar 3-5 nəfərin qəbul olduğu fakültəyə bu il 338 tələbə daxil olub. Deməli, aqronom problemi yaxın bir neçə ildə həllini tapacaq”. Rektor onu da əlavə edib ki, universitetdə son 5 ildə çox böyük işlər görülüb. Savadlı kadr hazırlamaq üşün tam şərait yaradılıb.

Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, kafedra müdiri Aygün Həsənova bildiriblər ki, bu gün əldə edilən uğurlar gərgin zəhmətin, yüksək intellektin hesabına qazanılıb.

Görüşdə universitetin professor-müəllim heyəti ilə tələbələr arasında davamlı xoş münasibətlərin qurulduğu xüsusi vurğulanıb, tələbələr üçün yaradılan şəraitdən danışılıb, keçirilən tədbirlərdən, layihələrdən, dil biliklərinin olmasının vacibliyindən bəhs edilib.

Çıxış edən tələbələr yaradılan şəraitdən yüksək səviyyədə bəhrələnəcəklərini söyləyiblər.