Şəhid əsgər Sultanzadə Niyaməddin Hüsaməddin oğlu

Şəhid əsgər Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 10 sentyabr 1998-ci il tarixdə Masallı şəhərində anadan olub. 2005-2016-cı illərdə Masallı şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində, “N” saylı hərbi hissədə xidmətə başlamışdır.

10 oktyabr 2018-ci il tarixindən 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator-sutəmizləyici qurğularının operator peşəsi üzrə çalışıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin (qiyabi) ikinci kurs tələbəsi idi.

Azərbaycan Ordusunun könüllü əsgəri olan Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə vuruşmuş və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

22 noyabr 2020-ci il tarixdə Masallı şəhər Dadva qəbiristanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Niyaməddin Hüsaməddin oğlu Sultanzadə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilmişdir.

Bu gün, Masallı şəhərində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Niyaməddin Hüsaməddin oğlu Sultanzadənin il mərasimi keçirilmişdir.

İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbər heyəti, şəhid ailələri, qazilər, şəhər sakinləri və müxtəlif media təmsilçiləri iştirak ediblər.

Şəhid əsgər Niyaməddin Sultanzadənin ailəsi, şəhər sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

Mərasim iştirakçıları qəbiristanlıqda şəhidin məzarını ziyarət ediblər. Xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb. Çıxışlarda şəhid barədə xatirələr danışılıb, Niyaməddinin unudulmayacağı, daim qəlblərdə yaşayacağı bildirilib.

Şəhid əsgər Sultanzadə Niyaməddin Hüsaməddin oğlu