ADAU: Aqronomluq fakültəsində yüksək ixtisaslı kadrlar hazırlanır

ADAU: Aqronomluq fakültəsində yüksək ixtisaslı kadrlar hazırlanırAqronomluq fakültəsi Azərbaycan Dövlət Aqrar Universitetinin zəngin tarixə malik fakültəsidir. 1920-ci ildə yaranmış Bakı Politexnik İnstitutunun tərkibindəki kənd təsərrüfatı fakültəsinin 8 kafedrasından 5-i aqronomluq profilli olub. 1929-cu ildə bu baza üzərində də Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb, tarlaçılıq kimi fəaliyyətə başlayan fakültə sonralar aqronomluq fakültəsi adlandırılıb. Yarandığı gündən indiyə kimi aqronomluq fakültəsi kənd təsərrüfatının inkişafına dəyərli töhfələr verib. İlbəil imkanlarını və maddi-texniki bazasını möhkəmləndirən fakültənin son 4 ildə inkişaf mərhələsi heç bir dövrlə müqayisə edilməyəcək dərəcədə sürətlənib. Fakültə təkcə aqrar sahə üçün kadr hazırlığını təmin etmir. Yaradılan müasir şərait hesabına burada elmi-tədqiqat işləri aparılır, fermerlərə, sahibkar və iş adamlarına dəyərli elmi məsləhətlər verilir, qlobal iqlim dəyişikliyi nəticəsində yaranan xəstəliklərin qarşısının alınması üçün tövsiyələr verilir.

Fakültənin tarixinə və mövcud durumuna qısaca nəzər salsaq bu fakültənin ayrıca bir universitet kimi formalaşdığının şahidi olarıq.

Fakültədə ümumi əkinçilik, genetika, seleksiya, torpaqşünaslıq və aqrokimya, bitkiçilik və bitki mühafizəsi, ekologiya və meşəçilik, bağçılıq və biologiya kafedraları fəaliyyət göstərir. Kollektiv pedaqoji və tədris metodiki fəaliyyətlə yanaşı həm də aqronomluq elminin müxtəlif sahələri üzrə geniş elmi-tədqiqat işləri aparır, elmi axtarışlarının nəticələrini müxtəlif torpaq-iqlim zonalarındakı təsərrüfatlarda sınaqdan keçirir.

Ümumi əkinçilik və genetika və seleksiya kafedrası əvvəllər “Ümumi əkinçilik” adı ilə 1921-ci ildə yaradılıb. İllər boyu ölkə əkinçiliyinin inkişafında bu kafedranın böyük rolu olub. Kafedrada indi də çox maraqlı və dövlət əhəmiyyətli tədqiqat işləri aparılır. Toxumların səpinə hazırlanmasının aqrobioloji və texniki aspektləri işlənir, seleksiya və genetikanın bu kafedrada olması ilə əlaqədar elmi axtarışların vüsəti daha da artırılır. Kafedrada bakalavriat, magistratura və doktorantura səviyyələrində mütəxəssis hazırlanır.

Torpaqşünaslıq və aqrokimya kafedrası torpaqşünaslıq adı ilə 1920-ci ildə ilk yaradılan kafedralardan biri olub. Kafedranın professor-müəllim heyəti, tədris-elmi tədqiqat işlərinin yerinə yetirilməsi üçün müasir avadanlıqlarla təchiz olunmuş bazası var. Kafedranın əməkdaşlarının səyi ilə Azərbaycan əkinçiliyində fosfor və kaliumun bəzi problemləri həll edilib, yem bitkilərinin, çəmən və otlaqların gübrələnməsi sxemi işlənib hazırlanıb, torpağın fiziki xüsusiyyətləri, münbitliyin modernləşdirilməsi və proqnozlaşdırılması sahəsində bir sıra uğurlu işlər görülüb. Kafedrada bakalavriat, magistratura və doktorantura səviyyələrində mütəxəssis hazırlanır.

Bitkiçilik və bitki mühavizəsi kafedrası aqronomların texnoloji hazırlığında aparıcı rol oynayır. Kafedrada bakalavriat, magistratura və doktorantura səviyyələrində mütəxəssis hazırlanır.

Aqrar Universitet yarandığı gündən etibarən meyvəçilik, dirrikçilik, üzümçülük ixtisasları üzrə də aqronom hazırlayan kafedra bu gün bağçılıq kafedrası kimi fəaliyyət göstərir. Əvvəllər cənub texniki bitkiləri kafedrası, 1938-ci ildə Subtropik bitkilər kafedrası olub.

Biologiya kafedrası da bu tədris ocağının yarandığı ilk gündən fəaliyyət göstərir. Kafedranın formalaşmasında akademiklər Aleksandr Qrossheym, Ələkbər Quliyev və Validə Tutayukun böyük xidmətləri olub. Kafedrada botanika, geobotanika, bitki fiziologiyası, biokimya, mikrobiologiya və aqrometeorologiya fənləri tədris olunan auditoriya və laboratoriya otaqları genişləndirilib, müasir maddi-texniki avadanlıqlarla təchiz edilib. Kafedrada bakalavriat, magistratura və doktorantura səviyyələrində mütəxəssis hazırlanır.

Respublikada ekoloq və meşəçi mütəxəssislərə olan zəruri tələbat nəzərə alınaraq 1990-cı ildə bu qocaman ali təhsil ocağında Ekologiya mühəndisliyi və meşəçilik kafedrası yarandı, hazırda ekologiya və meşəçilik kafedrası adlanır. Kafedra əməkdaşları Respublikada ekologiya sahəsində dövlət strategiyasının və meşələrin inkişaf etdirilməsinə dair Milli Proqramın tələblərini əldə rəhbər tutaraq meşəçilik və ekologiya ixtisasları üzrə mütəxəssis hazırlığı və bu sahədə elmi axtarışlar həyata keçirir. Kafedrada bakalavriat, magistratura və doktorantura səviyyələrində mütəxəssis hazırlanır.

Bütün bunlar aqronomluq fakültəsi haqqında qısa tarixi bilgidir. Bəs fakültənin bu günkü inkişafı hansı səviyyədədir və kənd təssərrüfatına gərəkli kadrlar hazırlaya bilirmi?

Təqdim edilən video görüntülər təbii ki, burada əsl aqronom hazırlamaq üçün hər cür şəraitin olduğunu deyir. Elə tələbələr də tədris prosesindən, nəzəriyyə ilə təcrübənin vəhdətindən razıdır. Son illər fakültədə təcrübə saatlarına üstünlük verilməsi o deməkdir ki, artıq aqronomlar auditoriyalarda deyil, təcrübə sahələrində hazırlanır. Bu da fakültənin ümumi inkişafından xəbər verir və eyni zamanda beynəlxalq və daxili uğurları artırır, keyfiyyətli kadr hazırlığını təmin edir. Çox sayda laboratoriyalar, xüsusi hazırlanan auditoriyalar, otaq və kabinələr müasir tələblərə tam uyğun qurulub. Bu gün aqronomluq fakültəsinin tələbələri ən müasir şəraitdə dərs keçirlər. “Gilan Holdinq”lə əməkdaşlıq çərçivəsində aqronomluq fakültəsində “Gilan agriculture” auditoriyası açılıb və bu auditoriya amfiteatr formasında, 169 kvadratmetr sahəsi olan otaqda qurulub.

Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün “Qeyri-layihə üzrə qrant yardımı” çərçivəsində Aqrar Universitetdə yaradılan Toxumçuluq laboratoriyası da məhz tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə istifadəyə verilib.

Torpaqşünaslıq və aqrokimya kafedrasının nəzdində yaradılan yeni laboratoriya respublikanın 11 bölgəsində torpaq və bitkilərin analizi üçün bütün işləri yerinə yetirəcək, bitkilərin həyatı üçün zəruri olan makro və mikro elementləri, torpağın aqrokimyəvi, bioloji, su-fiziki, hava və istilik xassələrini təyin edəcək, torpaq və bitkilərin tərkibində olan ağır metalları, zəhərli maddələri aşkarlayacaq.

2016-cı ildə bağçılıq kafedrasının nəzdində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə hər biri 160 m2 olmaqla 5 istixana yaradılıb. İstixananın istiqaməti tərəvəz və örtülü meyvəçiliyin becərmə texnologiyasının tələbələrə tədris etməklə yanaşı, təcrübə işlərinin yerinə yetirilməsini öyrətməkdən ibarətdir. Bu məqsədlə istixanalarda xiyar, pomidor və müxtəlif sitrus meyvə bitkiləri yetişdirilir.

Şəffaflıq bütün sahələrdə olduğu kimi burada da böyük önəm daşıyır, fakültədə tələbə – müəllim münasibətləri yüksək səviyyədədir. Önəmli olan həmçinin, tələbələrin ictimai fəallığı üçün yaradılan şəraitdir ki, bu şərait ilk olaraq tələbənin dünya görüşünü formalaşdırır, tarixi dəyərlərə yiyələnməsinə stimul verir, ən başlıcası elə tələbə olduğu dövrlərdə gərəkli proseslərlə qaynayıb qarışır.

Deyilən şəraitin yaradılması və uğurun qazanılması asan başa gəlməsə də bu nəticə etibarı ilə aqronomluq fakültəsi üçün şərəf və qürurdur. Əslində universitetin hədəf götürdüyü məqsədə doğru uğurlu yoldur.